İslam əxlaqında hər kəs inancında azaddır

İnsana İslam dini haqqında məlumat verildiyində  öz istəyi ilə iman edər, heç bir təzyiq və ya zorlama olmadan qərar verər. İnsan doğrunu da, yanlışı da seçməkdə azaddır. Əgər yanlış seçim edərsə axirətdə bunun qarşılığını alacaqdır.

İslam inanc mövzusunda insanlara açıq şəkildə tam azadlıq verir. İslamın vəhy edildiyi dövrdən bu günə qədər qüvvədə olan bu anlayış İslam əxlaqının təməlini təşkil edir. Bu mövzudakı ayələr çox açıqdır.

"Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu  inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!" (Bəqərə surəsi, 256)

İslam əxlaqına görə insan istədiyi inancı seçməkdə azaddır və heç kim bir digərini inanc mövzusunda məcbur edə bilməz. Müsəlman iman etməsini istədiyi insana təbliğ edərək Allahın varlığını, Quranın Allahın haqq kitabı olduğunu, hz. Məhəmmədin (s.ə.v) Onun elçisi olduğunu, axirətin və haqq-hesab gününün varlığını, İslam əxlaqının gözəlliklərini bildirməklə məsuldur. Amma bu vəzifəsi sadəcə dini izah etməkdən ibarətdir. Allah Peyğəmbərimizin (s.ə.v) də sadəcə bir elçi olduğunu Nəhl surəsində bu şəkildə bildirir:

"İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" (Nəhl surəsi, 125)

Digər bir ayədə isə "... Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." (Kəhf surəsi, 29) şəklində buyurulur və Rəbbimiz Peyğəmbərimizə (s.ə.v)  "Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?” (Şüəra surəsi, 3)şəklində səslənir. Qaf surəsində isə Allah Peyğəmbərə belə buyurur:

"Biz onların nə dediklərini çox gözəl bilirik. Sən onlara zor edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!" (Qaf surəsi, 45)

Özünə Allahın qatından hidayət olaraq nazil edilən İslam dinindən bəhs etdikdə öz istəyi ilə iman edər, heç bir təzyiq olmadan qərar verər. İnsan doğrunu da, yanlışı da seçməkdə azaddır. Əgər yanlış seçimi edərsə axirətdə bunun qarşılığını alacaqdır. Quran ayələrində bu mövzu ilə bağlı çox açıq əmrlər və xatırlatmalar vardır:

"Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?!" (Yunis surəsi, 99)

Məsələn, möminin təbliği qarşısında bir insan dərhal iman edərkən, digər biri inkar edərək lağ etməklə və təcavüzkar davranışlarla cavab verə bilər. Başqa bir insan vicdanına qulaq verib həyatını Allahın razı olacağı şəkildə keçirməyə qərar versə də, digəri inkar edənlərdən olub, gözəl sözə pisliklə cavab verə bilər. Ancaq bu hal dəvət edən insanı qətiyyən ümidsizliyə salmaz. Allah Yusif surəsində belə buyurur:

"Sən nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir. Sən ki bunun əvəzinə onlardan bir mükafat istəmirsən. Bu (Quran) aləmlər üçün ancaq bir öyüd-nəsihətdir.(Yusif surəsi, 103-104)

Burada vacib olan Qurana dəvət edən insanın qarşılaşdığı reaksiyadan asılı olmayaraq, hər zaman Allahın razı olacağı əxlaqı göstərməsi, gözəl əxlaqından qətiyyən güzəştə getməməsi, təvəkküllü davranmasıdır. Necə ki, Allah Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana  inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!”  (Ənkəbut surəsi, 46) ayəsi ilə dinin necə təbliğ ediləcəyini də bizlərə bildirmişdir: “Ən gözəl tərzdə.”

Bunu heç unutmamaq lazımdır ki, yer üzündəki kiçik-böyük hər hadisə Allahın yaratdığı qədər (tale) üzrə baş verir. Və iman etməyə dəvət edilən insana hidayət verən də Allahdır. Bu səbəblə möminlər inkarçıların davranışları ilə bağlı olaraq heç bir sıxıntı yaşamırlar. Quranda bu mövzu ilə bağlı bir çox nümunə verilmişdir. Allah, "Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!(Kəhf surəsi, 6) ayəsi ilə Peyğəmbərimizə (s.ə.v) Qurana dəvət etdiyi insanların iman etməmələrindən sıxıntı duymamasını bildirmişdir. Bir başqa ayədə isə, "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı O bilir! " (Qasas surəsi, 56) şəklində bildirilmişdir. Beləliklə, insanın etdiyi dəvət, dediyi gözəl sözlər, danışdığı hər xırda təfərrüat belə, ancaq Allahın diləməsi ilə qarşıdakı insana təsir edir. (Harun Yahya, Terror sevgi ilə yox edilər)

İman edən insanın yeganə vəzifəsi Qurana dəvət etməkdir. İnkarçıların inkara davam etmələrinə və buna görə cəhənnəm əzabına layiq olmalarına  görə heç bir məsuliyyət daşımırlar. Rəbbimiz, "Biz səni haqq ilə müjdə verməyə və qorxutmağa göndərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan." (Bəqərə surəsi, 119) ayəsi ilə də bu həqiqəti Peyğəmbərimizə bildirmişdir.

Allah insana ağıl və vicdan vermişdir. Elçiləri və elçilərinə vəhy etdiyi müqəddəs kitabları ilə haqq yolunu göstərmişdir. Bu səbəblə də, insan öz seçimlərindən məsuliyyət daşıyır. İslam əxlaqı, ancaq səmimi qərarla, Allaha təslimiyyətlə və hər zaman doğruları əmr edən vicdanın səsini dinləyərək yaşana bilər. Bir insanı ibadət etməyə məcbur etmək İslam əxlaqına tamamilə ziddir. Çünki vacib olan insanın ürəkdən Allaha təslim olması, səmimi olaraq iman etməsidir. Əgər bir sistem insanları inanca və ibadətə məcbur etsə, bu halda insanlar o sistemdən qorxduqları üçün dindar olurlar. Din baxımından məqbul olan isə vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allahın razılığı üçün dinin yaşanmasıdır. Allah Ğaşiyə surəsində Peyğəmbərimizə (s.ə.v) belə buyurur:

“Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim deyilsən! Lakin kim üz döndərib inkar etsə, Allah onu ən böyük əzaba düçar edər! Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!” (Ğaşiyə surəsi, 21-26)

İslam dini yuxarıda qeyd etdiyimiz kimi, insanları dini inanclarını seçmələrində azad olmaları lazım olduğunu deyərkən, həm də onların digər dinlərə hörmət etmələrini əmr edir. İnsan Quranda batil olaraq bəhs edilən bir inanca sahib olsa belə, İslam torpaqlarında sülh şəraitində yaşaya bilər, azad şəkildə ibadətlərini yerinə yetirə bilər. Allah Peyğəmbərimizə (s.ə.v) inkar edənlərə belə deməsini əmr etmişdir:

“Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm,siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 2-6)

İslam əxlaqına görə hər insan öz inancının ibadətini azad şəkildə yerinə yetirə bilər. Heç kim başqa birini öz dininin ibadətlərini yerinə yetirməkdən saxlaya bilməz. Ya da bir insanı istədiyi şəkildə ibadət etməyə məcbur edə bilməz. Bu İslam əxlaqına ziddir və Allahın razı olmadığı davranış tərzidir. İslam tarixini araşdırdığımızda hər kəsin azad şəkildə ibadət edə bildiyi cəmiyyət modeli görürük. Quranda Əhli-kitabın ibadət yerləri olan monastr, kilsə və sinaqoqlardan da Allahın qoruduğu ibadət məkanları olaraq bəhs edilir:

"... Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!(Həcc surəsi, 40)

Peyğəmbərimizin (s.ə.v) həyatı da bu kimi nümunələrlə doludur. Hətta Peyğəmbərimiz özü ilə görüşməyə gələn xristianların öz məscidlərində ibadət etmələrini demiş və bu iş üçün məscidi onların istifadəsinə vermişdir. Peyğəmbərimizdən (s.ə.v) sonrakı xəlifələr dövründə də bu tolerantlıq anlayışı qorunmuşdur. Şam fəth edildiyi zaman məscidə çevrilən kilsə iki hissəyə bölünmüş, bir yarısında xristianlar, digər yarısında müsəlmanlar ibadət etmişlərdir. (Mövzuyla bağlı ətraflı məlumatı Harun Yəhyanın əsərlərindən hazırlanan www.harunyahya.org saytından öyrənə bilərsiniz.)

Peyğəmbərimiz (s.ə.v) mülayim və sevgi dolu insan idi

Peyğəmbərimiz hz. Məhəmmədin (s.ə.v) dövründə Ərəbistanda bir çox dindən, fərqli mədəniyyətlərdən və anlayışlardan camaatlar mövcud idi. Yəhudilər, xristianlar, sabiilər, məcusilər və bütpərəstlər birlikdə yaşayırdılar. Bundan əlavə eyni inancı mənimsəmələrinə baxmayaraq, bir-birlərinə düşmən olan bir çox qəbilə var idi. (Harun Yəhya, Hz. Məhəmməd (S.Ə.V))

Ancaq Peyğəmbərimiz (s.ə.v) hansı dindən və qəbilədən olursa olsun hər kəsə şəfqət, səbir, xoşgörüş və sevgi ilə yanaşdı və insanları böyük bir sevgi ilə dinə dəvət etdi. Hz. Məhəmmədin (s.ə.v) ətrafındakılara göstərdiyi bu gözəl münasibət Quranda belə bildirilir:

"Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah  təvəkkül edənləri sevər!(Ali-İmran surəsi, 159)

Müsəlman, ancaq Allahın dinini təbliğ etməklə məsuldur. Qarşısındakının hidayəti, iman etməsi, ancaq Allahın diləməsi ilə olur. Heç kim bir digərini iman etməsi, ibadət etməsi üçün məcbur edə bilməz. Peyğəmbərimiz (s.ə.v) Allahın bu əmrinə hər zaman diqqətlə riayət etmiş, dinin, ancaq qəlbən istəndiyi zaman yaşana biləcəyini sıx-sıx ifadə etmişdir. Peyğəmbərimiz (s.ə.v) bir sözündə belə buyurur:

"Mülayim həniflik (hz. İbrahimin dinindən olanların vəsfi) ilə göndərildim, kim mənim sünnətimə müxalif olarsa, məndən deyildir.” (Əl-Camius Sağir, 1. 427)

Bir digər sözündə isə möminlərə "Mən mərhəmət edən və sülhsevər olaraq göndərildim..." (Əl-Camius Sağir, 1. 427) şəklində səslənmişdir.

Peyğəmbərimizin (s.ə.v) bu üstün əxlaqı digər sözündə belə ifadə edilir:

"Əsəbləşdiyi zaman (nəfsinə hakim olub) yumşaqlıqla qarşılıq verən insan Allahın sevgisinə nail olar!" (Esbahani: Hz. Aişə )

Peyğəmbərimizin (s.ə.v) mərhəmətli, şəfqətli və mülayim əxlaqı ilə bağlı bir çox hədis mövcuddur. Məsələn, Peyğəmbərimiz (s.ə.v) "İnsanlara mərhəmət etməyənə, Allah da mərhəmət etməz." (Buxari və Muslim)  demişdir. Digər sözləri də belədir:

"Mərhəmət edin ki, mərhəmət olunasınız. Bağışlayın ki, bağışlanasınız. Heyf, günahlarına bilərək davam edib, istiğfar etməyənlərə." (Ramuz Əl-əhadis 1-ci cild)

"Allah rəfiqdir (mərhəmətli və şəfqətli), rıfqı sevər və rıfqa müqabil verdiyini başqa heç bir şeylə verməz." (Kütübi Sittə Müxtəsəri tərcümə və şərhi, 7-ci cild)

Böyük İslam alimi İmam Gazali hədis alimlərindən topladığı məlumatlar ilə Peyğəmbərimizin ətrafındakılara münasibətini belə izah edir:

“Əsəbləşməyən və bir şeyə tez razılıq verən idi. İnsanlara qarşı insanların ən şəfqətlisi idi. Belə ki, insanların ən xeyirlisi insanlara xeyirli olan, insanların ən yararlısı da insanlara faydalı olanıdır.” (Hüccətül İslam, İmam Gazali, İhya'u Ulum'id-din, 2-ci cild)

Peyğəmbərimizin (s.ə.v) ətrafındakıları dinə bağlayan və qəlblərini imana gətirən sevgisi, incə düşüncəsi və şəfqəti bütün müsəlmanlara örnək olan əxlaq üstünlüyüdür. Peyğəmbərimizin (s.ə.v) bütün bəşəriyyətə nümunə olan bu gözəl xüsusiyyətləri Tövbə surəsində belə bildirilmişdir:

"Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizdən ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!" (Tövbə surəsi, 128)

Sevgi dolu, şəfqətli, mülayim və mərhəmətli olmaq Allahın bir hidayət öndəri olaraq göndərdiyi elçilərinin ortaq xüsusiyyətləridir. Allah Quranda digər peyğəmbərlərin də “sevgi həssaslığı” ilə şərəfləndirildiklərini xəbər verir və qatından hikmət verdiyi hz. Yəhyanı bu mövzuda insanlara nümunə göstərir.

Ayədə bu mübarək insan üçün Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi.” (Məryəm surəsi, 13) şəklində bildirilir.